Gəmidəki düşmən

Ötən ilin bu vaxtları İzmir şəhərində, dənizin bu tayından o biri tayına keçirdim.

Adətən yolda gedərkən sürücü mən deyiləmsə, yəni məndən birşey etmək tələb olunmursa, məsuliyyət daşıdığım bir məsələ yoxdursa, özümü düşüncələrimə buraxıram. (Məsuliyyət həm də iç dünya ilə də əlaqəlidir. Analiz, iç dialoqlar deyərkən, zaman sürətlə və məhsuldar axır.) Bu ərəfədə bir uşaq diqqətimi özünə çəkdi. Ailəsi paralelimdəki sırada oturmuşdu, amma uşaq ayaq üstə idi. Sanki gəmini kəşf edirmiş kimi görünürdü. 5 yaşı olardı, açıq yaşıl gözləri, uzun, uclarına doğru burulan sarı saçları var idi. Çox şən və enerjili uşaq idi. Sağa – sola yönələrək, atasına suallar verməyə başladı: bu nə üçündür? Bura gəminin harasıdır? Kapitan harada oturub? Və s.

Bunları yazarkən xatırladım ki, diqqətimi çəkən uşaq yox, atasının verdiyi cavablar olub. Uşaqda  diqqət yayındıran heçnə yox idi. Uşaq kimi uşaq idi. Atanın dedikləri uşağın suallarına cavab vermirdi. Əksinə, qorxunu – təşvişi qidalandırırdı. “Qızım, gəl otur yıxılacaqsan”, “qızım, otur indi polislər gələcək”, “insanları narahat edirsən, gəl sakit dur”. Bu dəm uşaq qeyri-ixtiyari mənim qoluma toxundu və bir neçə saniyə yanımda durdu. Atası bu dəfə də qızına səsləndi: qızım bacını (abla) narahat etmə, indi sənə hirslənəcək. Haqlı idi, çox hirsləndim, amma uşağa yox. Ataya üzümü tutub, hikkə ilə: Abla niyə hirslənsin? Mənə xoşdur, yanımda dura bilər- dedim.

Gəmidən endikdən sonra bu davranışımı sorğuladım. Nə idi bu qədər qəzəblənməyimə səbəb? O an şüurumda nələr baş verirdi ki, bu şəkildə reaksiya verdim? Bir yandan gedəcəyim yerə doğru addımlayır, digər yandan da zehnimin içində dolaşırdım. Uşaq qoluma toxunana qədərki müddətdə orada hansı təsvirlər yaranmışdı deyə zehnimə boylandım. Ah, nə qədər narahatdır bu mövzu üçün yaranmış kəlimələr. Qorxurlar, bəlkə də gizləniblər, sanki tapılmaq istəmirlər…

O günlərdə George Orwellin “Heyvanıstan” (Animal Farm) əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşanı izləmişdim. Kitabı oxumaqla filmini və ya tamaşasını izləmək arasındakı müqayisələrə girməyək heç. Nəticədə, ikisi də ayrı effektivlikdədir. Nə isə… Tamaşanı izləyərkən: “İnsan düşmənə möhtacdır” antagonist ziddiyyətli bir düşüncə zehnimi məşğul etmişdi. Bu fikir haradan ağlıma gəlmişdi, o an bilmirdim. Amma təsirində idim. Bu düşüncədən çıxan hekayənin antagonisti kim olur görən: insan ya düşmən?

İnsan övladı doğulduğunda, özü ilə xarici aləmin sərhədlərini ayırd edə bilmir. Bir neçə aylıq olduqdan sonra özünün anasından və digər insanlardan ayrı bir canlı olduğunu anlayır. Bu fövqəladə önəmli bir psixi inkişafdır və körpə üçün bəzi həyati həqiqətlər ortaya çıxır.  Bunlardan biri qidalanması və baxılması üçün başqalarına ehtiyacı olduğudur. Körpə ona baxan şəxsin aclığını doyurması, ağrısını kəsməsi, onu isitməsi, sərinlətməsi, təmizləməsi, temperaturunu endirməsi və digər işlər zamanı həzz və ağrı, kef və gərginlik, razılıq və sıxıntı kimi fərqli qavrayışlar və duyğular içərisində olur. Bunların məsuliyyətini daşıyacaq yetişkinlikdə olmadığı üçün əsasən əhatəsindəkiləri, yəni anasını bunların qaynağı olaraq görür. Beləliklə anasını bəzən yaxşı, bəzən pis, bəzən paylaşımcıl, bəzən əsirgəyən, bəzən sevgi dolu, bəzən düşmən kimi qavrayır.

İndi bu məlumatlar bizi vacib bir məqama gətirmiş oldu. Körpə anasının (elə özünün də) bu dəyişkən təsvirlərini birləşdirib, bunların tək və eyni şəxsə aid olduğunu qəbul edə biləcək yetişkinlikdə olmadığı üçün, bu həyati məsələyə bir çözüm tapmağı lazım gəlir. Bir insanda (və özündə) həm müsbət, həm mənfi dəyərlərin var olduğunu qəbul etmək insan psixikasının inkişafında mərhələli şəkildə aylar və illər içərisində gedərək inkişaf edəcək bir xüsusiyyətdir. Amma körpəlikdə bu hələ ki mümkün deyildir. Pisliklərin bəzilərinin öz içində, yaxşılıqların bəzilərinin isə xaricdə olduğunu qəbul etmək; yaxşı ilə pisin qarışmağına icazə verə bilmək, müəyyən bir inkişaf səviyyəsini tələb edir. Beləliklə ortada: biri yaxşı biri pis, biri verən biri əsirgəyən, biri sevən biri acıqlanan iki ana var. Yaxşını pisdən qorumaq üçün etdiyi bu bölmə (splitting) səbəbindən, körpə dəyişkən ana təsvirlərini birləşdirə biləcəyi, qara ilə ağı qarışdırıb bozu tapa biləcəyi zamanadək bu psixi halətdə qalacaqdır.

Bu bölmə, zamanla və yetkinləşmə ilə təməl mexanizm olmaqdan çıxsa da, yaşamı boyunca insanın varlığını qismən qorumağa davam edir.  Amma yetişkin bir insanın bu bölmə mexanizmini nadirən və məhdud olaraq istifadə etməyi gözlənilir. Əgər xarici və ya daxili məsələlər şəxsin ya da qrupların psixi olaraq geriləməyinə yol açan xüsusiyyətlər daşıyırsa, bu bölmə mexanizmi çox tez-tez istifadə edilə bilir. Buna misal olaraq düşməni, “pis özgəni” və ya müharibə dövrünü gətirə bilərik. Çünki, müharibə adi vaxtlardan fərqli olaraq ən təməl, ən vacib, ən həyati şeylərin qorunacağı, yerdə qalanların (dəyərlərin, vicdanın, həqiqətin) bir kənara buraxılacağı zamanlardır.

Ümumiləşdirsək, insanın həyatının başlanğıcında, psixi inkişafının bir dövründə yaxşı ilə pisi bir birindən ayırdığı, yaxşını pisdən qorumağa çalışdığı bir erkən dövr vardır. Sonraları böyümə və yetkinləşmə sayəsində bu ehtiyac ortadan qalxır. Amma psixi həyatda, hər zaman olduğu kimi daha köhnə dövrlərə aid xüsusiyyətlər bütünlüklə yox olmayıb, uyğun şərait yarandığında yenidən görünmək üçün biraz kənara çəkilirlər.

Bir bütün olaraq cəmiyyətin psixi inşikafını fərdi inkişafla müqayisə edərək, hazırki vəziyyətdə bu primitiv “düşmən” hissiyyatının hamımızı əsir almaqda olduğunun fərqinə varmalıyıq. Əgər mövcud vəziyyətlə bağlı konstruktiv bir düşüncə və fəaliyyət istiqaməti tapmaq istəyiriksə, duyğuların əhəmiyyətini qazandıran və dözülməz gerçəklikləri axtarmağa və anlamağa çalışan bir mövqeni mənimsəməliyik. Məhz bu məqamda yenə Orwellin “əxlaqi səy” (moral effort) tələb edən bu mövqenin mənimsənilməsinə dair pessimizmi yadıma düşdü. Amma mən biraz daha optimizmimi mühafizə etməkdə inadkaram. Bu inadım gizlənib, tapılmaq istəməyən düşüncələrimi ortaya çıxmaqları üçün razı saldı. Əslində, bəlkə də onlar məni gizləndiyim yerdən çıxmağa ürəkləndirdilər.

Balaca qızla qurduğum empatiya düşüncəmdə və duyğularımda yoğun təsir buraxmışdı. Ona aşılanan qorxular onunla eyniləşmiş yetişkin məni yaralayırdı. Bunu əngəlləyə biləcək yetişkinlikdə olduğum halda, məhdudlaşmış hiss edirdim. Olmazlar, etmələr, ayıbdırlar, qorxutmalar, təhdidlər hər biri bir bıçaq kimi kəsirdi ruhumu. O an, onun qoluma toxunuşu sanki aramızdaki gizli, səssiz xəbərləşmə, yardımlaşma rolunu oynamışdı. Olmaya, gəmidəki düşmən elə mən idim?

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s