Ay aman! Oğlum qız kimi davranır!

s

Homoseksuallarının belə bir qismi homofobik olan ölkəmizdə bu cümlənin ağırlığını məlumatlı olan hərkəs daşıyır. Homofobiya, homoseksuallığa və ya homoseksuallara qarşı duyulan qorxu, irrasional nifrət, narahatçılıq, diskriminasiyadır. Birazdan bu mövzuya dair bir çox anlayışlara aydınlıq gətirəcəyəm, lakin, ilk əvvəl başlıqla bağlı yazmaq istəyirəm.

Məktəb öncəsi və məktəb yaşı dövründəki bir çox oğlanlar “qız kimi yeriyir”, “qızlarla oturub-durur”, “qıza oxşayır”, “qız gözəlliyi var”, “qız kimi danışır”, “qız oyuncaqlarıyla oynama!”, “qızsan evcik-evcik oynayırsan?!”, “özünü qız kimi aparma!” və s. kimi etiketlənmələrlə sözlü zorakılığa məruz qalırlar (gələcəkdə bu sözlərdən onun həyatının necə məhv olacağını bilmədən, və yaxud da bilərəkdən, qərəzli şəkildə). Hətta bu nümunələri gətirərkən belə stress yaşadığımı etiraf etməliyəm. Digərinə yönləndirdiyimiz kəlimələrə qarşı nə dərəcədə həssas və diqqətli olmalı olduğumuzu anlamağımız lazımdır. Üstəgəl, bunun o insanın bütün həyatını necə dəyişdirəcəyini nəzərə alaraq…

Bunu bir aksioma olaraq qəbul edin: bir oğlanın “qız oyuncaqları” ilə oynamağının, onun cinsi kimliyi və cinsi meyli ilə əlaqəsi yoxdur. Uşaq üçün oyuncaqlar gerçək həyatı canlandırmağa zəngin qaynaqdırlar. Oğlanlar mütləq maşınla, qızlar da kuklalarla oynayacaq deyə bir anlayış yoxdur. Oğlunuzun kuklalarla evcik-evcik oynamağı, onun cinsi rolları öyrəndiyini göstərir. Qadın kukla anası rolunda, kişi kukla da özü və ya atası rolundadırsa, bu, uşağınızın sağlam şəxsi inkişafının göstəricisidir. Uşaqlarınıza qız-oğlan fərqi qoymadan bütün oyuncaqlarla oynamağına izin verməlisiniz. Bu, onların inkişafı üçün lazımdır. Cinsi meyillərinə bir təsiri yoxdur.

Cəmiyyətlərdə ən çox qarışdırılan anlayışlara “cinsi kimlik” və “cinsi meyl” də daxildir. LGBTT (lezbiyan, qey, biseksual, transseksual, travesti) və yuxarıda qeyd olunanlarla əlaqəli bəzi terminlərin izahına göz ataq.

Cinsi kimlik: Fərdin öz cinsiyyət identifikasiyasıdır. Şəxsin, qadın və ya kişi olma halıdır.

Cinsi meyl: Fərdin hansı cinsi kimliyə maraq duyması ilə əlaqədardır. Anadangəlmədir, xəstəlik deyildir.

Lezbiyan: Başqa bir qadına qarşı fiziki və/vəya duyğusal çəkim hiss edən qadındır. Lezbiyan, qadın homoseksual olaraq da identifikə edilə bilər. Şəxsin özünü identifikasiyası və ya özünə biçdiyi cinsi kimlik, davranışlarıyla örtüşməyə bilər.

Qey: Başqa bir kişiyə qarşı fiziki və/vəya duyğusal çəkim hiss edən kişidir. Qey, kişi homoseksual olaraq da identifikə edilə bilər. Şəxsin özünü identifikasiyası və ya özünə biçdiyi cinsi kimlik, davranışlarıyla örtüşməyə bilər.

Biseksual: duyğusal və/vəya cinsi meyli həm öz, həm də qarşı cinsə yönəlik olan fərddir. Hər iki cinsiyyətdən olan insanlara qarşı cinsi və duyğusal vəya seksual bir münasibətə girmə potensialını göstərir. Biseksual bir şəxs, hər iki cinsə eyni ölçüdə meyl duymaya bilər və/vəya bu meylin dərəcəsi zamanla dəyişə bilər.

Transseksual: özünü qarşı cinsə aid hiss edən, qarşı cinsə oxşama istəyi duyan şəxslərə verilən addır. Həm kişi, həm də qadın üçün keçərlidir. Yəni, şəxs kişi olduğu halda qadın olmağı istəyə bilər; qadın olduğu halda kişi olmağı istəyə bilər. Ancaq, transseksual kəliməsi şəxsin ruhuyla əlaqəli bir adlandırmadır. Şəxsin davranışlarından çox, iç dünyasında özünü qarşı cinsdən biri kimi görməyi, hissetməyidir. Bu səbəbdəndir ki, onları xarici görünüşündən müəyyən etmək çox da asan deyildir. Çünki özlərini qarşı cinsdən hiss etdiklərini xarici görünüşlərinə hər zaman yansıtmazlar.

Travesti: cinsi həzz almaq məqsədiylə qarşı cinsiyyətin geyimlərindən istifadə edərək qarşı cinsə bənzəməyə çalışan şəxsdir. Travestilərin çoxu kişidir. Travesti anlayışı çox vaxt transseksuallıqla qarışdırılır. Transseksual, müəyyən bir cinsin fiziki karakteristikası ilə doğulduğu halda, duyğusal və psixoloji anlamda özünü digər cinsə aid hiss edən şəxsdir. Kişi ya da qadın transseksuallar cinsiyyət dəyişdirmə əməliyyatı keçirməzdən əvvəl adətən bir müddət qarşı cinsin paltarlarını geyinərlər. Travestilik bir cinsi meyl deyildir. Bir travesti heteroseksual ya da homoseksual ola bilər.

Homofobiya: sadəcə psixiatrik bir anlayış deyildir. Hər 48 saatda bir, homoseksual bir şəxsin, homofobiyayla əlaqəli zorakılığa məruz qalaraq öldürüldüyü təxmin edilir. Amnesty International`a görə təxminən 70 ölkədə homoseksuallara qarşı zülümlər edilməkdədir.

Qısa açıqlamalardan sonra başlanğıc mövzumuza qayıdaq. Bir oğlan uşağının cinsi meyli “kişi”lərədirsə, bu bir şəkildə ortaya çıxacaqdır və bu meylə əngəl olmaq üçün hər hansısa müalicə vəya terapiya işə yaramayacaqdır. Əgər uşağınızın doğuşdan gələn belə bir meyli yoxdursa, oğlunuz qız oyuncaqlarıyla oynayır deyə qorxmağınıza ehtiyac yoxdur. Yəni, uşağınızın cinsi meyli fərqli oyuncaqlarla oynayır deyə dəyişməyəcək.

Qısacası, uşağım qız/oğlan kimi davranır deyə narahatçılığınız real ola bilər, lakin, uşağınızın cinsi meyli dəqiq budursa, buna əngəl olmaq üçün çabalamağınıza gərək yoxdur. Bunun 3 səbəbi var:

  • Anadangəlmə bir meyli, kənardan bir təsirlə dəyişdirə bilməzsiniz.
  • Vəziyyəti qəbullanmaq və dəstək olmaq yerinə, dəyişdirə bilməyəcəyiniz bir mövzuda səy göstərməyiniz uşağınızın psixologiyasına mənfi təsir göstərəcəkdir.
  • Homoseksuallıq, APA (American Psychological Association) və WHO (World Health Organization) görə psixi xəstəlik deyildir.

… “Camaat nə deyər”i düşünməyəndə necə bir insana çevrilirik? Əslində necəyik? Özü olmaq və özündən olana zərər verməmək çoxmu çətindir? …

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyiylə.

mycolors
Rəssam: Nərmin Yardımlı

 

 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s